Müəllif hüququ © WWW : QHT TRİBUNASI
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » “ELS” yeni layihəsini təqdim edib
30.07.10 15:44

Bu gün “ELS” Müstəqil Araşdırmalar Mərkəzi “Qadınların seçici fəallığının artırılmasında beynəlxalq təcrübənin tətbiqi” layihəsini təqdim edib. Mərkəzin rəhbəri İradə Yaqubova ölkənin ictimai-siyasi həyatında əhəmiyyətli yer tutan parlament seçkiləri ərəfəsində qadınların seçkilərdə iştirakı ilə bağlı tədbirlərin keçirilməsini vacib saydıqlarını bildirib. O, bu məqsədlə ABŞ-ın Azərbaycandakı səfirliyinin 2009-cu ildə elan etdiyi Demokratiya Komissiyasının Kiçik Qrantlar Proqramında “Qadınların seçici fəallığının artırılmasında beynəlxalq təcrübənin tətbiqi” layihəsi ilə iştirak etdiklərini və qalib gəldiklərini bildirib. Layihənin xarici tərəfdaşlarının Seçici Qadınlar Liqası (ABŞ), Qlobal Məsələlər Forumu (ABŞ) və “Avropa Layihələri” Assosiasiyasının olduğunu deyən İ.Yaqubova rəhbərlik etdiyi Mərkəzin 5 ildir ki, seçki zamanı “exit-pol” və “quick count” tədqiqatları, seçicilər tərəfindən seçkilərə marağın artırılması, seçicilərin seçkilərdə daha fəal iştirak etmələri məqsədilə maariflənmə işlərini apardığını qeyd edib.

Xarici təcrübədən istifadə edərək qadınların seçki prosesində fəallığını artırılması üçün tədbirlərə ehtiyac olduğunu söyləyən Mərkəz rəhbəri bir çox hallarda qadınların seçkilərdə namizədliklərini verməkdən çəkindiklərini dilə gətirib: “Məsələ heç də seçkilərə gələrək səs verməklə bitmir. Qadınlar seçkili orqanlarda yer tutmaq üçün də mübarizə aparmalıdırlar”.
İ.Yaqubova layihə çərçivəsində ABŞ və Bolqarıstanın qadınların seçkilərə cəlb edilməsi sahəsində fəaliyyət göstərən üç ictimai təşkilat təmsilçiləri və ABŞ-ın müstəqil ekspertlərinin iştirakı ilə Gəncə şəhərində 2010-cu il avqust ayının 24-25 tarixlərində beynəlxalq konfransın keçiriləcəyini bildirib: “Layihənin əsas məqsədi qadınların ictimai-siyasi həyatda irəli çəkilməsi, regionlarda seçkilərlə bağlı seçmək və seçilmək, qadınların qərar qəbuletmə prosesində iştirakı və sair məsələlərin gündəmə gətirilməsidir”.

Demokratik Seçkilərə Dəstək Mərkəzi İctimai Birliyinin sədri Çingiz Dadaşov müşahidələrin qadınların seçkili orqanlarda iştirakının getdikcə artdığını ortaya çıxardığını qeyd edib: “Əgər 2003-cü ildə keçirilmiş bələdiyyə seçkilərində qalib gələnlərin yalnız 3,4 faizi qadın idisə, 2009-cu ildə bələdiyyə seçkilərində bu rəqəm 26,1 faiz təşkil edib. Lakin aparılan araşdırmalar və əhalinin rəy sorğuları bu günədək qadınların seçkilərlə bağlı məlumatlılığının lazımı səviyyədə olmaması, cəmiyyətdə müəyyən stereotiplərin hələ də əhəmiyyətli dərəcədə mövcudluğunu göstərir”. SİA

Hazırladı: Orxan Camal


URL / WWW
http://www.qhtxeber.az/news/a-3879.html