Haqq və ədalətin inkarı:“Freedom House”un qərəzli hesabatları
Biz Qərbin bir sıra təşkilatlarının hazırladıqları qeyri-obyektiv və qərəzli hesabatlara çox rast gəlmişik. Onların sırasında insan haqları ilə bağlı olanlar da var. Ayrıca “Freedom House” təşkilatının nə dərəcədə “obyektiv” olduğu barədə də əlimizdə kifayət qədər faktlar var. Ancaq erməni lobbisinin maraqlarına xidmət göstərən bu üzdəniraq QHT-nin 2019-cu il üçün hazırladığı “hesabat” və tərtib etdiyi mətbuat azadlığı üzrə “reytinq cədvəli” bir başqa əcayibdir. Çünki Qərb siyasi dairələrinin ifadə etdikləri fikirlərə belə uyğun gəlmir. Konkret olaraq, Qərb dövlətləri Ermənistanda seçki saxtakarlığının, korrupsiyanın olduğunu, insan haqlarının tapdandığını dedikləri bir vaxtda “Freedom House” yenə də bu forpost dövləti “qismən azad” hesab edir.
 
Eyni zamanda, Azərbaycana qarşı yenə də ikili standartlarla davranır. Bu qədər ikiüzlülük, haqsızlıq, yalançılıq və saxtakarlıq da olarmış! Qəribədir ki, özünü demokratiyanın beşiyi sayan bir geosiyasi məkanda bir sıra məsələlər üzrə “ulaq inadkarlığı” göstərilir. Burada adi bir məqamı anlamaq istəmirlər: başqasına quyu qazanın özü nə vaxtsa quyuya düşür! Həm də bu cür davranmaqla nüfuzdan düşürlər, artıq cəmiyyətlər onlara nümunə kimi baxmırlar. Əksinə, haqsızlıq mənbəyi olaraq görürlər. Strateji aspektdə itirən kim olur? Biz bu məsələ üzərində bir qədər geniş dayanmaq qərarına gəldik.
 
Azad olmayan təşkilat: qeyri-obyektiv hesabat
 
“Freedom House” yenə səhnədədir. 2019-cu illə bağlı növbəti “hesabat”ını hazırlayıb. Bu dəfə də ənənədən kənara çıxmayıb. Qərəzli və ikili standartlara uyğun qiymətləndirməsini edib. Bu qeyri-ciddi “müstəqil” təşkilat növbəti dəfə Ermənistanı “qismən azad”, Azərbaycanı isə “qeyri-azad” ölkə kimi təqdim edib. Bu “mahnı” bizə məlumdur, onu kimlərin “bəstələdiyini” də bilirik. Ancaq məsələnin maraqlı tərəfləri də mövcuddur. Belə görünür ki, Qərbdəki bəzi dairələr ədalət hissini və rasionallığı tamamilə itiriblər. Onlar adi məntiqi səhvlərə belə yol verirlər. Əslində, bu gözlənilən haldır. Çünki başqası haqqında hədyan danışanın nə yaddaşı ola bilər, nə də sağlam məntiqi; mütləq silsilə olaraq səhvlər etməlidir. “Freedom House” da bu sıraya aiddir. Onun bədnam “reytinqi”nə nəzər salmazdan öncə, bəzi faktları xatırlayaq.
 
Cəmi bir neçə ay öncə Qərbin siyasi dairələri Ermənistanda S.Sarkisyan dönəmində seçki saxtakarlığı, korrupsiya, insan haqlarının tapdanması kimi halların baş alıb getdiyindən bəhs edib seçki saxtakarlığının nəticəsi kimi 2008-ci il 1 mart hadisələrini göstərdilər. O zaman Ermənistanın güc strukturları etiraz edən insanları güllələmişdilər, nəticədə, 10 nəfər nümayişçi həlak olmuşdu. Ancaq Avropanın siyasi dairələri və QHT-ləri bir ağızdan qışqırdılar ki, “Ermənistanda seçki beynəlxalq standartlara uyğun keçirilib”. “Freedom House”un siyahısında da bu ölkə “qismən azad ölkələr” qrupunda göstərilmişdi.
 
Sonra, insan haqlarının tapdandığının konkret nümunəsini indiki baş nazir N.Paşinyan göstərir. Belə ki, o, bir neçə il günahsız həbsdə olduğunu iddia edir və bu səbəbdən Ermənistanın o zamankı rəhbərliyini (S.Sarkisyan, R.Koçaryan və b.) istintaqa cəlb edir. Şübhəsiz, minlərlə başqa nümunələr də var. Ancaq N.Paşinyan olayı ayrıca mövzudur. Çünki Emənistanın baş naziri açıq etiraf edir ki, bu ölkədə onun haqları pozulub. Lakin “Freedom House” yenə də Ermənistanı “qismən azad” olanlar qrupunda göstərir.
 
Daha sonra, korrupsiyanın erməni siyasi mühitini və cəmiyyətini dərindən bürüdüyü haqqında ekspertlər çoxdan yazırlar. Korrupsiya olan yerdə addımbaşı cinayət törədilir, insanların azadlıqları ciddi surətdə məhdudlaşdırılır. Məsələn, bu vəziyyətdə sahibkarlıq fəaliyyəti sərbəst ola bilməz. Qruplaşmalar, ticarətdə və biznesdə proteksionizm, yerlibazlıq, haqsızlıq baş alıb gedir. Xarici sərmayədarlar da ölkəyə kapital qoymur. Bütövlükdə cəmiyyət iflic vəziyyətinə düşür. Hazırda Ermənistan rəhbərliyi korrupsiya ilə bağlı minlərlə cinayət işi açıldığını bəyan edir. Hətta bir dəfə baş nazir N.Paşinyan ölkədə mövcud olan korrupsiya halları barədə danışanı susduraraq “bəsdir, yetər, mən artıq dözə bilmirəm, get başqasına danış”, deyib. O, eşitdiyi cinayətlərə inana bilmədiyini ifadə edib. Ancaq “Freedom House” bütün bunları qulaqardına vuraraq qismən azad ölkələr qrupuna Ermənistanı da salır!
 
Nəhayət, Ermənistanın dövlət olaraq kimliyini əyani göstərən son informasiya. İrəvanın “Nubaraşen” həbsxanasında keçirdiyi 44 günlük aclıq aksiyası nəticəsində Haynews.am saytının rəhbəri və “Erməni qartalları: Vahid Ermənistan” partiyasının sədr müavini Mqer Yeqiazaryan keçinib. O, ölümündən öncə məktub da yazıbmış. Ermənisan mediasının yaydığı informasiyaya görə, məktubda yazılıb: “30 il məni susdura bilmədilər və mən danışmağa davam edəcəm, belə ki, dövlətdən bir qəpik belə oğurlamamışam, vətəni məndən cinayətkar düzəltməyə çalışan indiki hakimiyyətdən daha çox sevmişəm”.
 
Mərhum məktubunda yazır ki, əvvəlki illərdə olduğu kimi, rəsmi dairələr adamların boynuna cinayət qoymağa çalışırlar. Ancaq o, özünün tam günahsız olduğunu da açıq qeyd edir. Eyni zamanda, məsuliyyətdən də yayınmaq istəmədiyini vurğulayır.
 
Ermənistanda siyasi məhbusun ölümü: ...və Qərbin susqunluğu
 
Bu fakt nəyi göstərir? Onu göstərir ki, Ermənistanda insanları siyasi görüşlərinə görə qondarma ittihamlarla həbs etmək bir ənənəndir. İndi də M. Yeqiazaryanı şərləyib öldürüblər. Ancaq Qərbin bütün QHT-ləri, siyasi dairələri bunları “görmürlər”. Ayrıca “Freedom House” hesabatında bunu bir fakt kimi də qeyd etməyib. Reallıqda bir insan dünyasını dəyişib, bir sayt sahibi öldürülüb, bir siyasi fəal siyasi məhbus kimi həbsxanada can verib! Ancaq “demokratlar” yenə də susurlar...
 
Əvəzində onlar Azərbaycanı “qeyri-azad ölkələr” qrupuna salıblar. Qəribədir, deyilmi? Hansı faktlara əsasən? Əgər kimlərsə Mehman Hüseynovu misal göstərmək istəyirsə, bu adam sağ-salamatdır. O, nə aclıqdan ölür, nə də əsassız olaraq həbs müddəti uzadılır. Bütün haqları da təmin edilir. M.Yeqiazaryana isə bunların heç biri “qismən azad Ermənistanda” qismət olmadı.
 
Azərbaycanla bağlı başqa hansı faktlar var? Azərbaycanda müxalifət mitinqlərini keçirir, Ermənistanda isə, ümumiyyətlə, müxalifət yoxdur. Varsa, son 1 ildə hansı aksiyanı keçirib? İqtidar da N.Paşinyandır, müxalifət də! Amma “Freedom House” hesab edir ki, “qismən azad ölkə” elə belə olmalıdır. Kim bu cəfəngiyata inanar! Kim bundan sonra Qərbdə demokratiyanın olduğuna əmin olar?
 
Əslində, bizim beynəlxalq təşkilatlara, Qərbdəki QHT-lərə suallarımız çoxdur. Məsələn, Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlaması beynəlxalq hüququn hansı maddəsinə uyğundur? Və ya hansı beynəlxalq təşkilatın, yaxud QHT-nin nizamnaməsində yazılıb ki, Ermənistanın öz qonşusunun ərazilərini işğal etmək kimi əlahiddə haqqı vardır? Belə deyilsə, hansı meyarla təcavüzkar bir ölkə “qismən azad” hesab olunur? Təbii ki, bu suallara Qərbin siyasi və ekspert dairələrində tutarlı cavab verə bilməzlər. Ona görə yox ki, onların məntiqi və ya savadı zəifdir. Ona görə ki, bu suallar ədaləti göstərir. Onlarda haqq var, düzlük var, obyektiv etiraz var. Lakin bütün bu meyarların “Freedom House”a heç bir aidiyyəti yoxdur.
 
Ancaq biz o zavallıları başa düşməyə çalışırıq. Məsələ ondan ibarətdir ki, Azərbaycan dünyəvi müsəlman ölkəsi kimi Cənubi Qafqazın lideri, bu məkanın ən sürətlə inkişaf edən və daim müstəqil siyasət yeridən tək dövlətidir. Azərbaycan bir nümunədir, dövlət quruculuğu aspektində sanballı modeldir. Azərbaycan Prezidenti siyasi cəhətdən çox fəaldır, tez-tez regional və qlobal əməkdaşlıq modelləri təklif edir. Onlar qəbul olunur və fayda verirlər. Azərbaycan Prezidenti sistemli olaraq islahatlar həyata keçirir. Xarici iş adamlarını ölkəyə sərmayə qoymağa dəvət edir və onlar milyardlarını Azərbaycana etibar edirlər.
 
Azərbaycanın dövlət başçısı dinlər, mədəniyyətlər və sivilizasiyalar arasında dialoqu təşviq edən bir sıra proqramların təşəbbüskarıdır. “Bakı prosesi” adlanan dialoq layihəsi konkret uğurlar qazanıb.
 
Azərbaycan enerji siyasəti ilə regional və qlobal əməkdaşlığa böyük töhfələrini verməkdədir. Nəqliyyat sahəsində ciddi əməkdaşlıq həyata keçirir. Azərbaycan artıq Cənubi Qafqazın geosiyasi qovşağı funksiyasını yerinə yetirir.
 
Bütün bunlar dünyada bir sıra dairələri narahat edir. Onlar Cənubi Qafqazda bir müsəlman dövlətinin iki xristian ölkəsindən xeyli irəlidə olmasını həzm edə bilmirlər. Onun əlamətlərindən biri də “Freedom House”un qeyri-obyektiv reytinq cədvəlləridir. Ancaq hər nə olsa da, fakt faktlığında qalır: Azərbaycan bu regionun parlayan ulduzudur. Onun inkişafının qarşısını kəsməyə çalışan hər bir qüvvənin arzusu gözündə qalacaq. Azərbaycan atılan heç bir ləkə özünü doğrultmayacaq. Çünki “Azərbaycan dünyaya doğan bir Günəşdir”! Günəş isə ləkə götürmür.
 
Newtimes.az
 
 


15.02.2019 | 11:02