Vətəndaşlar üçün SƏLİS imkan – e-vətəndaş ol!
İctimai iştirakçılıq və bu istiqamətdə vətəndaşlara yaradılan imkanlar cəmiyyətin inkişafı uçun olduqca mühüm məsələdir. Bir zamanlar arzu var idi ki, hansısa ictimai prosesin həyata keçirilməsində vətəndaşlara da rəy vermək, fikir bildirmək, təklif irəli sürmək üçün şərait yaradılsın.
 
Bu arzu artıq gerçəkləşib. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası elektron fəaliyyətə keçidlə bağlı uğurlu bir sistem tətbiq edib. SƏLİS (Sürətli Əlaqələndirmə və Layihələrin İdarəetmə Sistemi) 20-dək elektron xidməti özündə birləşdirən mükəmməl bir sistemdir. Burada QHT-lərin elektron müraciəti, elektron növbə, elektron apelyasiya, elektron qaydada idarəetmə, elektron hesabat və ictimai təşkilat fəaliyyətinə donorla əlaqələnmək üçün digər bütün imkanlar yaradılıb. Yəni artıq kimsənin Şuraya gedib, növbə gözləyib vaxt itirməsinə ehtiyac yoxdur. Otur ofisində, evində, layihəni göndər, cavab al, sənədlər yolla, hesabatını ver, müraciətini elə. Bu, ictimai fəaliyyət sektorunda novatorluqdur. Həm də şəffaflıq, insan amili, subyektiv yanaşmaların qarşısını alan sistemdir SƏLİS. 
 
Və ən ciddi bir məsələ: QHT Şurası (SƏLİS) vətəndaşlara ictimai təşkilatların layihələrinə səs vermək, rəy bildirmək, tövsiyə, təklif vermək imkanları yaradıb. Çox mükəmməl bir qaydadır və indiyədək tanıdığımız, bildiyimiz istər yerli, istərsə də beynəlxalq donorların vətəndaşlara bu cür imkanlar tanıması halına rast gəlinməyib. 
 
Çox sadədir: kompüter, yaxud telefonunda vetendas.e-qht.az -  http://vetendas.e-qht.az/ yazırsan, çox sadə, hər kəsin asanlıqla yararlana biləcəyi səhifə açılır.
 
Cəmi 1 dəqiqə ərzində qeydiyyatdan keçirsən və Azərbaycan QHT-lərinin QHT Şurasına göndərdiyi və maliyyələşməsini istədiyi layihələrin hamısının siyahısını görürsən. Burada 15 istiqamət üzrə təklif olunan layihələrdə hansı məsələlərin qabardıldığı, hansı problemin həllinə dəstəkdən söhbət getdiyi, hansı maarifləndirici tədbirlərin keçiriləcəyi aydın şəkildə əksini tapır. Qarabağ həqiqətlərinin çatdırılması, insan haqları, gender məsələləri, icbari tibbi sığorta, bloggerlik, sosial media ilə bağlı layihə təklifləri, layihənin məqsədi, icrası planları, kimlərin yararlanacağı, nə faydaları olacağı haqda məlumatlarla da vətəndaşlar tanış ola bilərlər. Əgər hansı layihənin reallaşdırılmasını arzulayır və vacib bilirsənsə, ona səs ver, rəy bildir. Yaxud da sənə yaradılan imkandan istifadə edərək, özünün də təklifini, tövsiyəni, iradını yaz. Bir sözlə QHT Şurası vətəndaşların ictimai təşkilatların layihə təkliflərinə öz fikrini bildirməsi üçün elektron qaydada və analoqsuz imkan yaradıb.
 
Vətəndaşlar bundan istifadə etməlidir. Ən azı iki səbəbdən:
 
Birincisi: Biz zaman-zaman şahidi olmuşuq ki, QHT Şurası maliyyələşdirdiyi layihələri açıqlayandan sonra sosial şəbəkələrdə bir çoxları tənqidlər, iradlar bildirməyə başlayır ki, bəs bizim bu təşkilatdan, onun gördüyü işlərdən xəbərimiz yoxdur, bizə bu layihənin icrasının nə xeyri olacaq? Yaxud da biri deyir ki, bu layihə məsələn, Xaçmazda yox, Yevlaxda keçirilməli idi. İndi QHT Şurası vətəndaşlara nəticələr elan olunmamışdan, qaliblər müəyyənləşdirilməmişdən əvvəl onların təklif olunan layihələr haqda öz fikirlərini bildirməsi üçün imkan yaradıb. Əgər vətəndaş bu imkandan yararlanmayıb, sonra nəticələr elan olunanda giley edərsə, deməli, günah onun özündədir. 
 
İkinci səbəb: İctimai iştirakçılıq üçün yaradılan imkandan istifadə etmək həm də bir vətəndaş məsuliyyətidir. Vətəndaş onun üçün yaradılan ideal şəraitdən istifadə etmirsə, vətəndaş cəmiyyətinin formalaşmasında iştirakdan boyun qaçırması deməkdir. Bu isə sabah onun maraqlarına zərbə vuracaq. Cəmiyyətin inkişafına, yeniliklərdən yararlanmağa hər birimiz borcluyuq.
 
Əsl vətəndaş olmaq üçün e-vətəndaş imkanından yararlanmaq günümüzün həm də bir tələbidir. Əmin olun ki, cəmi 5 dəqiqə vaxtınızı alacaq bu prosesdə iştirakdan sonra özünüzü psixoloji-mənəvi olaraq, rəyi, fikri lazım olan bir vətəndaş olaraq hiss edəcəksiniz.(musavat.com)
 
 
 


22.05.2019 | 17:51