Masallıda gənclərlə görüş keçirilib
qhtxeber.az  Masallı rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Gənclər Mərkəzində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin yaradılmasının 25-ci ildönümü münasibətilə gənclərlə görüş keçirilib.
 
qhtxeber.az-a daxil olan məlumata görə,tədbiri giriş sözü ilə Masallı Rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov açıb, iştirakçıları Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin yaranmasının 25-ci ildönümü münasibətilə təbrik edib: “Bir çox vacib, həyati əhəmiyyət kəsb edən sahələr kimi gənclərin və idmanın idarə olunması da Ümummilli lider Heydər Əliyev yenidən hakimiyyətə gələnədək başlı başına buraxılmışdı. Onun 26 iyul 1994-cü il tarixli sərəncamı ilə Gənclər və İdman Nazirliyinin yaradılması dövlət siyasətinin hər iki istiqamətinin düzgün həyata keçirilməsinin əsil hərəkətverici qüvvəsi oldu. Bir müddət sonra cənab İlham Əliyevin Milli Olimpiya Komitəsinin sədri seçilməsi nəticədə Azərbaycanı idman ölkəsinə çevirdi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısından, intellektual, elmi və fiziki güc alan gənclərimiz və idmançılarımız uğurları ilbəil artırırlar. Bu baxımdan Masallı gəncləri və idmançılarının fəaliyyəti, inkişaf səviyyəsi də təqdirəlayiqdir. Rayon gənclər və idman idarəsinin təşkilatçılığı, Olimpiya idman Kompleksinin, rayon təhsil şöbəsinin, Masallı Dövlət Regional Kollecinin iştirakı ilə rayonda fəal gənclik həyatı yaşanır, könüllülük hərəkatı genişlənir, gənclərin məşğulluğunun artırılması üçün səmərəli işlər görülür. Rayonda dövlət gənclər və idman siyasətinin həyata keçirilməsi, yetişən nəslin vətənpərvər ruhda böyüməsi, təhsilinin səmərəli təşkili, möhkəm idman bazasının yaradılması üçün ardıcıl və sistemli tədbirlər həyata keçirilir. İdmançıların hər bir uğrunun hədiyyə və təltiflərlə qarşılanması bu sahələrin daha sürətli inkişafı üçün stimul yaradır”. 
 
C. Manafov cənab Prezident İlham Əliyevin Sərəncamı ilə bu günlərdə gənclərlə iş və idman sahəsində çalışan şəxslərin təltif edilməsini bu sahəyə olan diqqət və qayğının bariz nümunəsi olduğunu vurğulayıb. 
 
Sonra Masallı Rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Şaban Əliyev, əməkdar məşqçi Ədalət Ağayev, məşqçi müəllim Ramik Məmmədov, fəal gənc Rasim Həsənzadə çıxış ediblər. 
 
Çıxışlarda Azərbaycanda gənclərin istək və arzularının reallaşması üçün hər cür əlverişli şəraitin yaradıldığı gündəmə gətirilib. Bildirilib ki, ölkədə müasir gənclər hərəkatının inkişafı üçün dövlət səviyyəsində kifayət qədər işlər görülüb, gənclərin fəaliyyətlərinin təşkili üçün sağlam mühit yaradılıb. 
 
Sonda Masallı Gənclər və İdman İdarəsi tərəfindən rayonun bir qrup fəal gəncinə və nəticəli idmançılarına i fəxri fərmanlar təqdim edilib.
 
 


26.07.2019 | 11:23