Şuranın dəstəyi ilə yazılan məqalə: İnformasiya cəmiyyətində məsuliyyət məsələsi…
Bu gün internetdə və informasiya cəmiyyətində insan hüquqları olduqca aktual və geniş spektri əhatə edən məsələdir. Dünyada bu baxımdan aparılan müzakirələr, o cümlədən cəmiyyətimizdə bununla bağlı baş verən proseslər bir daha bu məsələyə  müxtəlif rakurslardan yanaşmağı və mövcud tendensiyaları təhlil etməyi, rast gəlinən problemləribu yolla  aradan qaldırmağı diktə edir. Bu baxımdan yeni media və sosial  şəbəkələr sahəsindəki fəaliyyət xüsusilə aktuallıq kəsb edir. “Yeni media” məfhumu geniş bir sahəni əhatə edir. Buraya online saytlar, ənənəvi medianın online variantları, internet televiziyalarından tutmuş, sosial şəbəkələri və sair aid etmək olar. Bu baxımdan “yeni media” anlayışı bir qədər şərti xarakter daşıyır. 
 
Məsələn, ənənəvi medianın online versiyasından danışırıqsa, burada peşəkar mediadan söhbət gedə bilər. Amma sözügedən məsələdə sosial şəbəkələr və hazırda gündə biri meydana çıxan xəbər portalları ilə bağlı müəyyən problemlər ortaya çıxır. Burada fərq odur ki, media qurumunun və jurnalistin dünyada qəbul olunmuş standartları var. Jurnalist material hazırlayarkən müəyyən prinsipləri gözləməlidir. Təsvir edilən mövzu barəsində araşdırma aparmaq, tərəflərin mövqelərinin nəzərə alınması, faktların düzgün yoxlanılması, obyektivlik və qərəzsizliyin təmin olunması, ən əsası – insan haqlarının qorunması məqamına diqqət yetirmək və buna əməl etmək kimi prinsiplər ictimai məsuliyyətdən doğur. 
 
Amma yeni mediada, sosial şəbəkələrdə  bir çox hallarda bu prinsiplərin bir neçəsi gözlənilmir. Bu barədə hələ ictimai məsuliyyət hissi və mədəniyyəti tam formalaşmayıb. İnternet məkanında, konkrfet olaraq yeni medianın sosial şəbəkələr, bəzən də xəbər saytları kimi formalarında, informasiyanın dövlət sirrinə aid olub-olmaması, onun qadağan olunmuş informasiyalar kateqoriyasına daxil olub-olmaması, kommersiya sirri anlayışı, şəxsi həyatın toxunulmazlığı və sairlə bağlı qanunvericilikdə nəzərdə tutulan müddəalara çox vaxt məhəl qoyulmur. 
 
Ekspetlər bu xüsusiyyətləri nəzərə alaraq deyirlər ki, sosial şəbəkələr və həmin xəbər portallarının media adını qazanması bir az şərti xarakterlidir. Sadalananlar tirajlanmasına görə media qurumu sayılsalar da, peşə kodeksinin tələblərinə əməl etmək baxımından mediadan fərqlənirlər. Bu baxımdan da “yeni media” anlayışının dəqiqləşdirilməsi və dəyişdirilməsi ilə bağlı dünyada müzakirələr davam etməkdədir. Bu, məsələnin bir tərəfidir. Əsas məsələ isə qeyd etdiyimiz kimi, internetdə informasiyanın daha sürətlə yayılması imkanları şəraitində insan haqlarının qorunması və bu məqama internet istifadəçiləri tərəfindən diqqət yetirilməsi ilə bağlıdır. Bu isə ictimai məsuliyyət kontekstində bir sıra aktual məsələləri və problemləri önə çəkir. Bu baxımdan qanuni tənzimləmələrin olması məqsədəuyğundur. Media ilə bağlı qanunvericiliyə, yaxud ölkədə mövcud olan digər qanunlara da dəyişikliklər etməklə hüquqi tənzimləmələr mümkündür. 
 
Azərbaycanda da bu zərurətdən irəli gələrək sözügedən sahədə qanunvericiliyə dəyişiklik edildi. “KİV haqqında” qanuna və media qurumlarında yayılan informasiyalara baxsaq, burada informasiyanın ictimai məsuliyyəti nəzərdə tutulur. Əgər media ilə bağlı bildirsək, konkret olaraq jurnalistin və media qurumunun tərifində də göstərilir ki, orada informasiyanın yayılmasından nə dərəcədə fayda götürülməsi məsələsi aktualdır. Yaxud qeyd edilir ki, jurnalist ictimai önəm daşıyan informasiya yaydığı zaman kifayət qədər məsuliyyətli olmalı və o informasiyanın gətirə biləcəyi nəticələri nəzərə almalıdır. İnformasiya yayılarkən onun ictimai önəmi, nə dərəcədə dəyərli olması media qurumunun fəlsəfəsində öz əksini tapıb. Amma çox təəssüf ki, bizdə bu məsuliyyət hissi bir kənara qoyulur. Əslində yeni mediada yayılan informasiyaların çoxu şəxsi xarakter daşıyır. Onların ictimai yükündən danışmaq olmaz. Ekspert Müşfiq Ələsgərli qeyd edir ki, bəzən ictimai yükü olan informasiyaları da yayımlamağa girişirlər. “Belə bir keçid etdikdə, mütləq ehtiyatlı olmaq və bu zaman media, jurnalist qarşısında qoyulan tələbləri nəzərə almaq lazımdır”.
 
Dünya praktikasında da internetdə təhqir və böhtana yol verilməsi, şəxsi həyata müdaxilə və sair məsələlərə görə məsuliyyət nəzərdə tutulur. Bizdə də bu məsələdə bir qədər fərqli olsa da, müəyyən məsuliyyət nəzərdə tutulur. “KİV haqqında” qanunda bu barədə nəzərdə tutulan məqamlardan başqa, ayrı-ayrı qanunlarda da bu barədə məsuliyyət nəzərdə tutan maddələr var. M.Ələsgərli təklif edir ki, informasiya yaymaqla bağlı bu müddəaları vahid bir məcəllədə birləşdirmək də məqsədəuyğun olardı. Bu məsələdə əsas məqamlardan biri odur ki, ictimaiyyətdə, yeni media istifadəçiləri arasında ictimai məsuliyyətlə bağlı geniş maarifləndirmə işi aparılmalıdır. Yeni mediadan istifadə halları xeyli genişlənib. Bu gün artıq vətəndaş jurnalistikasından söhbət gedir. Bu da yenu mediaya aid ictimai məsuliyyəti artırmış olur. 
 
İnternetdə və informasiya cəmiyyətində insan haqları məsələsi ilə bağlı bizə fikirlərini bildirən ekspert Azər Həsrət bildirir ki, konkret olaraq Azərbaycanda internetdə fikir azadlığından, bu sahədə yaradılmış əlverişli şəraitdən sui-istifadə halları da yox deyil: “Ölkəmizdə elə kəsimlər var ki, onlar fikir və media azadlığından çox zaman şəxsi nəfslərini təmin etmək, hətta arzuolunmaz kampaniyalar aparmaq üçün istifadə edirlər. Bu baxımdan ölkədə bir sıra internet istifadəçilərinin, həmçinin yeni media təmsilçilərinin ictimai məsuliyyəti anlamadığı hallar olur”.  Bu sahədə konkret yeni media ilə bağlı qanunun qəbulunun lazım gəlib-gəlməməsinə toxunan ekspert bildirir ki, konkret yeni media ilə bağlı qanunun qəbulu ilə bağlı hələ ki, ciddi bir addım atılmayıb: “Amma düşünürük ki, artıq belə təşəbbüslərin zamanı çatıb. Burada söhbət yeni media sahəsində hansısa məhdudiyyətlərin tətbiqindən getmir. Bizim istəyimiz yalnız odur ki, yeni mediadakı hərc-mərclik aradan qaldırılsın. Bunun üçünsə, təbii ki, bəlli bir tənzimləyici sənədə ehtiyac var”.
 
A.Hüseynqızı 
 
Bu yazı “Beynəlxalq Mətbuat Klubu” İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirdiyi “Uşaqların internet informasiya resurslarının zərərli təsirlərindən qorunması ilə bağlı radio verilişlərin hazırlanması” layihəsi çərçivəsində dərc edilir.


09.08.2019 | 09:07