Şuranın dəstəyi ilə “Zorakılığa yox deyək- ailəmizi qoruyaq” mövzusunda növbəti təlim Cəbrayıl köçkünləri üçün
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Himayədar” Tənha və Valideyn Himayəsinə Ehtiyacı olanlara Kömək  İctimai Birliyi tərəfindən “Məişət zorakılığına qarşı məcburi köçkün qəsəbələrində tədbirlərin təşkili” layihəsi çərçivəsində 4 saylı Cəbrayıl rayon Məcburi Köçkün Qəsəbəsində sakinlərə təlim keçirilib.
 
Bu haqda təşkilatdan qhtxeber.az-a verilən məlumatda deyilir. 
 
Məlumatda bildirilir ki, 28 nəfərin iştirak etdiyi “Zorakılığa yox deyək-  ailəmizi qoruyaq” mövzusunda təlimin məqsədi Cəbrayıl rayonunun 4 saylı Məcburi Köçkün Qəsəbəsində ailədaxili münasibətlərin ağsaqqal, ağbirçək mediasiyası ilə xoş rəftar əsasında qurulması ənənələrinin bərpasına dəstək verməkdən ibarətdir.
 
Təlimçi Nizami Musayev tədbir iştirakçılarına məişət zorakılığının baş vermə forma və səbəbləri və ondan çıxış yolları barədə ətraflı məlumat verərək, iştirakçıların müvafiq mövzuda suallarını cavablandırmışdır. Iştirakçı Telli Quliyeva çıxış edərək uşaqların ailədə lazımi qaydada tərbiyə almasının zəruriliyini qeyd etdi.
 
Çay fasiləsindən sonra layihə eksperti Qızbəs Məmmədova məişət zorakılığının ümumiyyətlə cəmiyyət və Dövlətin müştərək problemi olduğunu vurğulyıb və hər bir ailədə bu problemlərin həlli üçün zəruri addımların vaxtında atılmasının zəruri olduğunu bildirib.
 
İştirakçılar tərəfindən təlim qiymətləndirildi. 4 saylı Qəsəbə sakinləri  təlimdən razı olduqlarını və  yerlərdə tez-tez belə görüşlərin keçirilməsini arzu etdiklərini bildiriblər.


10.08.2019 | 02:16