Media qurumları QHT layihələri ilə bağlı press-relizləri davamlı şəkildə yayımlamır
“Gəncəfilm” Kino Yaradıcılığının İnkişafına Təkan İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyilə icra etdiyi “QHT-media əlaqələrinin inkişaf etdirilməsinə dəstək verilməsi” layihəsi çərçivəsində bu mövzuda ölkə mediasında monitorinq keçirib.
 
Monitorinq həm media resurslarını, həmçinin ictimai sektor təmsilçilərini əhatə edib. Araşdırmalar göstərir ki, ölkəmizdə dövlət qeydiyyatından keçən QHT-lərin sayı 4000-dən artıqdır. Ancaq təəssüflər olsun ki, QHT-lərin fəaliyyəti, icra etdikləri layihələr haqqında ictimaiyyət bir çox hallarda ətraflı məlumata malik deyil. Bu, QHT-lərin fəaliyyətinə dair məlumatların media qurumları tərəfindən geniş işıqlandırılmamasından irəli gəlir.
 
İcra edilən monitorinq ölkədə aktiv fəaliyyət göstərən saytlar, qəzetlər, “facebook” sosial şəbəkəsi üzərindən, həmçinin, bir sıra QHT rəhbərləri ilə sorğu əsasında aparlıb.
 
Müsahiblər qeyd ediblər ki, media qurumları QHT layihələri ilə bağlı press-relizləri davamlı şəkildə yayımlamır. Bunun başlıca səbəbi QHT-lərin media qurumları ilə əlaqələri lazımi səviyyədə qura bilməmələri və məsələyə peşəkar aspektdən yanaşmamalarıdır.
 
Qeyd olunub ki, QHT-lərin bu sahədə təcrübəsi azdır. QHT-lərin bir çoxunda adətən media ilə əlaqələr üzrə məsul şəxs olmur, layihənin icrasını həyata keçirən təşkilat üzvləri press-reliz hazırlayaraq KİV-lərə göndərirlər. Buna görə də QHT-lərin yayımladıqları açıqlamalardakı informasiya yükü, zəruri piar elementləri az, ədəbi dil qüsurları isə çox olur. Bu da nəticədə həmin QHT-lərin fəaliyyətinə dair məlumatların media orqanlarında yayımlanmamasına gətirib çıxarır.
 
Münasibəti öyrənilmiş media rəhbərləri isə qeyd ediblər ki, onlar daha çox maraqlı xəbər əldə etmək siyasəti həyata keçirirlər. Bu baxımdan, hansısa maraqlı layihə, hansısa QHT-nin üzə çıxardığı problemlər, orjinal və cəmiyyət üçün gərəkli sosial aksiyalar olanda həmin xəbərləri məmnuniyyətlə öz media orqanlarında yerləşdirirlər.
 
Qeyd edək ki, layihə çərçivəsində həmçinin, bir sıra QHT-lərin məlumatlarının KİV-də işıqlandırılması həyata keçirilib.


14.08.2019 | 11:00