Elm Tarixi İnstitutunda Dəyirmi masa keçirilib
qhtxeber.az  AMEA Elm Tarixi İnstitutunda Rusiya Elmlər Akademiyasının S.İ. Vavilov adına Təbiət Elmləri və Texnika Tarixi İnstitutunun Sankt-Peterburq filialının direktoru, sosiologiya üzrə fəlsəfə doktoru Nadejda Aşeulovanın, AMEA  Elm Tarixi İnstitutunun direktoru, tarix üzrə elmlər doktoru Məryəm Seyidbəylinin  və İnstitutun digər əməkdaşlarının iştirakı ilə dəyirmi masa keçirilib. 
 
Dəyirmi masada AMEA Elm Tarixi İnstitutu ilə S.İ. Vavilov adına Təbiət Elmləri və Texnika Tarixi İnstitutunun Sankt-Peterburq filialının əməkdaşlıq perspektivləri dəyərləndirilib. 
 
AMEA Elm Tarixi İnstitutunun direktoru Məryəm Seyidbəyli rusiyalı qonağa Elm Tarixi İnstitutunun əldə etdiyi nailiyyətlər və aparılan tədqiqat işləri barədə məlumat verib. Tədbirdə Rusiya-Azərbaycan münasibətlərinin tarixi, ikitərəfli münasibətlərin inkişaf təmayülləri, ölkəmizin regioanal strateji rolu və həyata keçirilən proqramlardan bəhs olunub. Dəyirmi masada, həmçinin hər iki elmi müəssisə arasında qarşılıqlı əlaqələrin güclənməsi, əməkdaşlığın yaradılması məsələləri müzakirə olunub, birgə layihələrin təşkili yönündə ilkin təkliflər səsləndirilib.
 
Nadejda Aşeulova çıxışında Elm Tarixi İnstitu ilə birgə layihələrin və elmi araşdırmaların davam etdirilməsində maraqlı olduğunu vurğulayıb. 
Tədbirin sonunda Məryəm Seyidbəyli rusiyalı həmkarına “Elm tarixi və elmşünaslıq: fənlərarası tədqiqatlar” mövzusunda AMEA Elm Tarixi İnstitutunun təşkilatçılığıyla Bakıda 2018-ci ildə keçirilmiş I beynəlxalq elmi konfransın materiallarından ibarət kitabları təqdim edib.
 
Məlumat üçün bildirək ki, bu Nadejda Aşeulovanın  AMEA ElmTarixi İnstitutuna ikinci səfəridir.  
 
 


11.09.2019 | 11:20