Mərkəzin nümayəndələri Moskvada keçirilən seminarda iştirak ediblər
qhtxeber.az  Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən qeyri-infeksion xəstəliklərin qarşısının alınması və onunla mübarizə ilə bağlı tibbi savadlılığın artırılması istiqamətində milli layihələrin inkişafı, tətbiqi və qiymətləndirilməsi, idarəsi üzrə seminar keçirilib.
 
qhtxeber.az-a daxil olan məlumata görə, ÜST-nin Avropa regional bölgəsi olan Moskva şəhərində təşkil olunmuş seminarda Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin direktor müavini Rauf Məmmədov, Səhiyyə siyasəti və planlaşdırma şöbəsinin müdiri Nabil Seyidov, Səhiyyə kommunikasiyası şöbəsinin müdiri Laura Quliyeva iştirak ediblər. 
 
2019-cu ilin yanvar ayında yaradılan ÜST-nin tibbi savadlılığın inkişafı üzrə Avropa şəbəkəsinin əsas məqsədlərindən biri qeyri-infeksion xəstəliklərin qarşısının alınması, həmçinin bu xəstəliklərlə mübarizə təşəbbüsünü dəstəkləmək üçün tibbi maarifləndirmə istiqamətində layihələrin həyata keçirilməsini gücləndirməkdir. Eyni zamanda, bu sahədə əsaslı biliklərin formalaşdırılması, ən yaxşı təcrübələrin ölkələr üzrə yayılması əsas hədəflərdən biridir. Üzv dövlətlərin qeyri-infeksion xəstəliklərin qarşısını almaq, onlara qarşı mübarizə təşəbbüslərini dəstəkləmək və müvafiq imkanları gücləndirmək məqsədilə təşkil olunmuş seminarda tibbi savadlılığın artırılması nəticəsində sağlamlığın yaxşılaşdırılması məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Qeyri-infeksion xəstəliklərlə mübarizə istiqamətində ölkələr üzrə görülən işlər barədə nümayəndələrin çıxışları dinlənilib, uyğun təcrübələr paylaşılıb, tibbi savadlılığın artırılması məqsədilə planlaşdırılan milli layihələrin hazırlanması və qiymətləndirilməsi, bu istiqamətdə görülən tədbirlərin effektivliyinin artırılmasına dair təkliflər nəzərdən keçirilib. 
 
Səmərəli fikir mübadiləsi şəraitində keçirilən seminarda Azərbaycan, Belorus, Qazaxıstan, Rusiya, Türkmənistan, Tacikistan, Qırğızıstan, Moldova və digər ölkələrdən nümayəndələr iştrak ediblər.
 
 


08.11.2019 | 11:47