Şuranın dəstəyilə Qarabağda “Xarı Bülbül” gənclərin 2-ci yaradıcılıq festivalı keçirilib
qhtxeber.az  Gənclər üçün Təhsil Mərkəzi əzəli Azərbaycan torpağı olan Qarabağda, Ağcabədi rayonunda “Xarı Bülbül” gənclərin 2-ci yaradıcılıq festivalını keçirib. 
 
Festival Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi və Ağcabədi Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə baş tutub. 
 
Qarabağ Muğam Mərkəzində keçirilən festivalın əsas məqsədi Qarabağın mədəni incilərini təbliğ etmək, gənclərin yaradıcılıq bacarıqlarının üzə çıxarılmasına və artırılmasına yardımçı olmaq, habelə uşaq və yeniyetmələrdə yaradıcılığa maraq oyatmaq olub. 
 
Açılış mərasimində Mərkəzin Qarabağ Regional Ofisinin rəhbəri Radə Qafarova, Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Vüsalə Məmmədova və Ağcabədi Regional Mədəniyyət İdarəsinin müdiri Rza Quliyev iştirak ediblər. Çıxış edən qonaqlar festivalın əhəmiyyətini qeyd edərək Gənclər üçün Təhsil Mərkəzinin “Xarı Bülbül” adı ilə yaradıcılıq festivalları keçirməsini alqışlayıblar. 
 
Sonra yaradıcı gənclərin ifalarında musiqilər səsləndirilib, milli rəqslər nümayiş etdirilib, şeirlər söylənilib, tamaşalar göstərilib. Festival çərçivəsində yaradıcı gənclərin əl işləri, rəsm əsərlərinə də baxış keçirilib. 
 
Festival yeniyetmə və gənclərin böyük marağına səbəb olub, orada yalnız Ağcabədi rayonunun deyil, qonşu rayonların da istedadlı gəncləri təmsil olunublar. 
 
Mərkəzdən qhtxeber.az-a verilən məlumata görə, Ağcabədi rayonunda festivalın keçirilməsi üçün yaradıcılıq dərnəyi qurulub, iştirakçı olmaq istəyənlər bu dərnəklərdə bütün hazırlıq işlərini həyata keçiriblər. Dərnəklərdə gənclərin istifadəsi üçün zəruri olan avadanlıqlar, rəsm və digər sahələr üzrə müvafiq materiallar yerləşdirilib, o cümlədən yaradıcılıq təlimləri keçirilib. Dərnək qismən yaradıcılıq qabiliyyəti olan yeniyetmə və gənclərin burada öz bacarıqlarını inkişaf etdirmək, özünü cəmiyyətə tanıtmaq və inkişaf etmək imkanı yaradıb.  
 
Qeyd edək ki, Gənclər üçün Təhsil Mərkəzi tərəfindən “Xarı Bülbül” gənclərin yaradıcılıq festivallarının hər il keçirilməsi, Qarabağın mədəni incilərinin bu tədbirlər vasitəsilə gənc nəsil arasında təbliği nəzərdə tutulur. 
 


08.11.2019 | 12:36