Azərbaycandan DÜNYAYA…
Bəlli olduğu kimi koronovirus bizdən qaynaqlanmayıb, əksinə ölkəmizə xaricdən “gəlib” və virus sərhədlərimiz daxilində aşkarlandığı ilk gündən dövlətimiz iki istiqamətdə aktiv fə­aliyyətdə bulundu:
1) əhalinin təhlükəsizliyi;
2) beynəlxalq səviyyədə proseslərin yaxından iz­lənməsi, özəlliklə, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilə sıx əməkdaşlıq.
 
Birinci istiqamət daha çox milli, ikinci istiqamət daha çox bəşəri məzmun daşıyırdı və bir-birini inkar yox, tamamlayan fəaliyyətlərdi. “Daşıyırdı” deyəndə,
- bu fəaliyyət günü bugün də davam edir, fasiləsiz xarakter daşıyır;
- Prezidentin Sərəncamı ilə Nazirlər Kabineti yanında Operativ Qərargah yaradılıb;
- adından da göründüyü kimi dövlət, hökumət bu işlə məhz operativ şəkildə məşğul olur və hadisələr şəxsən dövlət başçısının diqqətindədir.
 
Bunları xatırlatmaqda məqsədim nədir?
– Demək, xaricdən gələn bir bəla qarşısında, öncə torparlanan (el dili ilə desək, “öncə evin içi, sonra çölü” prinsipi ilə), dövləti, xəlqi, hətta fərdi münasibətləri sahmana salan dövlət baba, paralel olaraq, beynəlxalq əməkdaşlığı da əskiyə almadı.
– Nəinki əskiyə almadı, əksinə, qürurla deyə bilərik, bir sıra hallarda örnək oldu, beynəlxalq səviyyəli mübarizəyə dəstək göstərdi, ciddi təşəbbüslər göstərdi və s.
 
Budur, Azərbaycan Prezidentinin başçılıq etdiyi iki önəmli təsisat məntiqi ardıcıllıqla Virtual Zirvəyə dəvət edildi və hər iki Zirvə uğurla baş tutdu. Artıq növbəti mərhələ və məntiqi sonluq BMT Baş Assambleyasının Virtual Toplantısı ola bilər ki, bu barədə məhz Azərbaycan Prezidenti Qoşulmama Hərəkatının Virtual Zirvəsində fikir səsləndirdi.
 
Beləliklə, müstəqil Azərbaycan, dünyanın dörd tərəfini sarmış pandemiya ortamında, döv­lətlər, xalqlar arasında, deyərdim, coğrafiyalar və mədəniyyət iqlimləri arasında bağlantılar ya­radır, işlək körpülər yaradır. Bu körpülər dəmir-beton konstruksiyasından deyil, daşla, ağacla tikilməyib, oradan adam ayağı, maşın, qatar təkəri keçməyəcək, nə bilim, karvan adlamayacaq… bununla belə, bu körpülər ən möhkəm, özüllü körpülərdir və məhz işləkdir. – Yeni dövrün, yeni zəmanənin çağırışlarının körpüsündən danışırıq, könül körpüsündən, mənəvi əlaqədən, təcrübə mübadiləsindən danışırıq, əlbəttə. Əlbəttə, bu körpülər qabaqlar da vardı, lakin pandemiya döv­ründə mənəvi, könül körpüsü fiziki körpüdən önplana keçib. Azərbaycan dövləti də, dövlət baş­çımız da bu dəyişimlərin gərəkdirdiyi şəkildə (daha doğrusu, şəkildə yox, mahiyyətdə!) dav­ranaraq, yalnız çağışılar eşitmək yox, çağışlar etmək, təşəbbüslər göstərmək və örnəklər ya­rat­maqla başımızı uca etdi!
           
Bəli, mayın 4-də, Qoşulmama Hərəkatının sədri olan Azərbaycan Prezidentinin təşəbbüsü ilə Hərəkatın Təmas Qrupu formatında “COVID-19-a qarşı birlikdəyik” mövzusunda Virtual Zirvə Görüşü keçirildi. Azərbaycan Prezidentinin Virtual Zirvənin keçirilməsi ilə bağlı təşəbbüsü üzv dövlətlər tərəfindən yüksək dərəcədə dəstək gördü. Hərəkatın Təmas Qrupunda coğrafi təmsilçilik və könüllü iştirak əsasında bütün regional qruplardan olan ölkələr təmsil olunurdu.
 
Bilirsiz, söhbət, 120 dövlətin təmsil olunduğu, BMT Baş Assambleyasından sonra ikinci ən böyük beynəlxalq təsisat olan bir Hərəkatdan gedir..! O da diqqətçəkicidir ki Hərəkata üzv­lükdən qısa müddət sonra respublikamız bu təsisata başçılıq etməyə başladı. Bu isə üzv dövlətlərin müstəqil dövlətimizə, dövlət başçımıza güvəninin və ölkəmizin beynəlxalq nüfuzunun artmasının, başqa sözlə, respublikamızın qlobal səylərinin beynəlxalq ictimaiyyət tərəfindən dəs­təklənməsinin parlaq örnəyidir.
           
Yuxarıda dediyimiz kimi, respublikamız bundan az öncə başqa bir önəmli Virtual Zirvə Görüşü keçirmişdi. Azərbaycan Prezidenti Türk Dövlətləri Əməkdaşlıq Şurasının başçısı olaraq, təşəbbüs göstərib, ötən ayın 10-da bu Şuranın Virtual Zirvə Görüşünü təşkil etdi. Bu yerdə bir önəmli faktı demədən keçməyək: Türk Şurası dünya miqyasında, dövlət başçıları səviyyəsində koronavirus pandemiyasına həsr olunmuş Zirvə Görüşü keçirmiş ilk beynəlxalq təşkilatdır. Və belə faktlar təsadüflərin məhsulu deyil; indi biz yazırıq, oxuyuruq, izləyirik – bu çətin deyil, ancaq dövlətlərin, xalqların başı özünə qarışmış pandemiya ortamında, ard-arda iki beynəlxalq Zirvə təşkil etmək – uğurla təşkil etrmək – gərgin zəhmət tələb edən məsuliyyətli işdir. Azərbaycan dövləti bunu bacardı!
 
Dövlətimizin bayrağı uca olsun!           
 
Qayıdaq, Qoşulmama Hərəkatının Virtual Zirvəsinə.
 
Avropa Birliyi rəsmisinin Virtual Zirvə görüşünə qatılması və çıxışı Qoşulmama Hə­rəkatının tarixində ilk dəfə baş verdi. Əlbəttə, bu da təsadüf deyil, təvafüqdür. NATO və Rusiya Baş Qərargah rəsilərinin görüş yeri kimi Bakını seçməsini, Bakının sivilizasiyalar, mədəniy­yətlərarası dialoqun, beynəlxalq humanitar forumların dəyişməz ünvanı, mərkəzi olması… habelə I Avropa Oyunlarının məhz Bakıda baş tutması bu məqamda xatırlanmalıdır… Necə deyərlər, heç nə unudulmur, heç nə yaddan çxımır… Və çəkilən zəhmət təzahür edir, təcalla edir, çiçəkləyir… Necə deyərlər, söz vaxtına (fəslinə) çəkər…
 
Uzun sözün qısası, məhz müstəqil Azərbaycan Respublikası daim bir-biri ilə əks qütblərdə olan Qoşulmama Hərəkatı ilə Avropa Birliyini koronavirus təhlükəsi zamanı bir araya gətirməyə nail olub. Biz bu gün bariz şəkildə Qoşulmama Hərəkatının fikir mübadiləsi, qlobal həmrəylik və işbirliyi üçün səmərəli platformaya çevrildiyinin şahidi oluruq…
      
Qlobal işbirliyinə güclü ehtiyac duyulduğu bir ortamda dövlətlər, eləcə də, bir sıra bey­nəlxalq və regional təşkilatlar uyğun reaksiya göstərə, qlobal həmrəyliyin gücləndirilməsi ilə bağlı zəruri addımlar ata bilməyib. Hazırda xeyirxahlığa, insanpərvərliyə, konkret halda, qlobal liderliyə ehtiyac duyulan bir ortamda və vaxtda Prezident İlham Əliyev müvafiq təşəbbüs irəli sürərək, dünyanın ayrı-ayrı qitələrindən müxtəlif siyasi və ideoloji quruluşa malik ölkələri bir araya gə­tirməyə nail oldu. Prezident İlham Əliyev örnək addım ataraq pandemiyaya yalnız qlobal işbirliyi və həmrəylik sayəsində qalib gəlməyin mümkünlüyünü dünyaya nümayiş etdirdi.
 
Artıq vurğuladığımız kimi, Azərbaycan beynəlxalq həmrəyliyin örnəyi kimi BMT Baş As­sambleyanın “COVID-19” pandemiyasına həsr olunmuş (dövlət və hökumət başçıları səviy­yə­sində) özəl video-sessiyasının keçirilməsi təklifini irəli sürüb. Vicdanı susmayan heç kəs inkar etməz ki Azərbaycan dövləti öz təşəbbüsləri, praktiki addımları ilə dünyada həmrəyliyin möhkəm­lənməsinə, indiki mürəkkəb ortamda dövlətlər və xalqlar arasında təmasların yüksəlməsinə, qlobal pandemiya ilə mübarizədə bütün səylərin səfərbər olunmasına ciddi töhfələr verir.
 
 40-a yaxın ölkənin dövlət və hökumət başçısının, xarici işlər nazirlərinin qatıldığı Zirvədə, Avropa Birliyi ali nümayəndəsinin iştirakı öz yerində (bu barədə yuxarıda yazdıq), eyni zamanda, BMT Baş Assambleyasının prezidenti, Afrika Birliyinin sədri, ÜST Baş direktorunun iştirak etdiyi Qoşulmama Hərəkatının Təmas Qrupunun Virtual Zirvəsi bir daha Azərbaycana və dövlət baş­çımıza olan böyük güvənin göstəricisidir. BMT Baş katibi cənab Antonio Quterreşin, Avropa Komissiyasının Vitse-prezidenti cənab Cozef Borelin Virtual Zirvəyə video-müraciət ünvanlaması özlüyündə çox şey ifadə edir.
 
Dövlətimiz var olsun!
 
Sonda daha nələri fərqləndirə bilərik? Fikrimizi qısa ümumiləşdirmələrlə bildirək:
 
-Azərbaycan Prezidentinin ifadə etdiyi kimi, Qoşulmama Hərəkatına sədrliyi öz üzərinə götürərkən beynəlxalq aləmdə üzv ölkələrin maraqlarının müdafiə edilməsi üçün əməli addımlar atacağına, həmrəyliyin gücləndirilməsi və qarşılıqlı dəstəyi rəhbər tutacağına dair Azərbaycan tərəfindən verilmiş vədlərə qətiyyətlə əməl edilir;
         
- Azərbaycanın təşəbbüsü ilə keçirilən Virtual Zirvə göstərdi ki, ölkəmiz koronavirus pan­demiyası ilə bağlı formalaşan yeni gerçəkliklərə, yaranmış duruma çevik və uyğun reaksiya verir;
 
- Qoşulmama Hərəkatının yaradılması planlaşdırlan İşçi Qrupu, üzv ölkələrin pandemiya ilə bağlı humanitar və tibbi ehtiyaclarını vahid məlumat bazasına daxil edəcək. Həmin bilgilər mümkün yardımların göstərilməsi üçün donor ölkələrə, beynəlxalq humanitar təşkilatlara təqdim ediləcək;
 
- Pandemiyaya qarşı mübarizədə ən çox yardıma ehtiyacı olan Qoşulmama Hərəkatı üzv dövlətlərini dəstəkləmək üçün Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatına əlavə olaraq 5 milyon dollar könüllü ianə ayırır. (Bu vəsait Azərbaycanla razılaşıldırmaqla ən çox yardıma ehtiyacı olan Afrika, Asiya və Latın Amerikası regional qruplarından olan üzv ölkələr üçün nəzərdə tutulur.)
 
Dövlətimiz zaval görməsin!
Bayrağımız uca olsun!
 
 
Əkbər QOŞALI, 
 
Azərbaycanda Atatürk Mərkəzinin şöbə müdiri,
 
Milli QHT Forumu İdarə Heyətinin üzvü


07.05.2020 | 14:31