Şuranın dəstəyilə “Aşıq sənəti və YUNESKO” mövzusunda seminar keçirilib

qhtxeber.az  “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin təşkilatçılığı ilə “Aşıq sənəti və YUNESKO” mövzusunda onlayn elmi-praktik seminar keçirilib. 
 
İctimai Birliyin sədr müavini Həbib Misirov elmi-praktik seminarı açaraq bildirib ki, təmsil etdiyi təşkilat Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə “Aşıq sənəti və YUHESKO” layihəsini həyata keçirir və bügünkü tədbir də həmin layihə əsasında təşkil olunub. O, qeyd edib ki, layihə çərçivəsində indiyə qədər həyata keçirlilən tədbirlərdə aşıq sənətinin keçdiyi inkişaf yolu və perspektivləri, milli-vətənpərvərlik ruhunun yaşadılmasında aşıq dastanlarının rolu, aşıq sənətinin gənclər arasında təbliği kimi aktual mövzular müzakirə edilib. 
 
Sonra tədbir filologiya üzrə fəlsəfə doktoru, dosent Ələmdar Cabbarlının moderatorluğu ilə davam edib. Milli Məclisin deputatı, filologiya elmləri doktoru, professor Jalə Əliyeva “Aşıq sənəti və YUNESKO”, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat Muzeyinin “Aran” Regional Mərkəzinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Yaqut Bahadurqızı “Şirvan aşıq mühiti”, Azərbaycan Aşıqlar Birliyinin sədr müavini, filologiya üzrə fəlsəfə doktoru Altay Məmmədli “Qərb aşıq mühiti”, Əməkdar mədniyyət işçisi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti Nemət Qasımlı “Aşıq sənətində dədəlik mərtəbəsi” mövzularında məruzə ediblər. Məruzələr iştirakçılar tərəfindən maraqla dinlənilib, məruzələrdə qoyulan problemlərlə bağlı geniş müzakirələr aparılıb.
 
Sonda çıxış edən “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctima Birliyinin sədr müavini Həbib Misirov bir daha məruzəçilərə, eyni zamanda elmi-praktik seminarda iştirak edən gənclərə İctimai Birliyin sədri Qənbər Şəmşiroğlunun adından təşəkkürünü bildirib. O, vurğulayıb ki, aşıq sənətinin elmi əsaslarının dərindən öyrənilməsi, bu sahədə elmi tədqiqatların gücləndirilməsi məqsədilə İctimai Birlik ölkənin elmi qurumları ilə birgə beynəlxalq, regional və ölkə miqyaslı konfransların keçirliməsini nəzərdə tutur.