Sığortaçılar Assosiasiyası Şura ilə əməkdaşlıq edəcək

Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA) ilə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası arasında onlayn görüş keçirilib.
 
Görüşdə Şuranın sədri Azay Quliyev, assosiasiyanın icraçı direktoru Elmar Mirsalayev və qurumların səlahiyyətli nümayəndələri iştirak ediblər.
 
Tədbirdə ASA haqqında məlumat verən E.Mirsalayev sığorta xidmətlərinin mövcud şəraitdə yüksək əhəmiyyətini xüsusi olaraq vurğulayıb.
 
Şuranın sədri Azay Quliyev qurumun fəaliyyətindən, dövlətin qeyri-hökumət təşkilatlarının inkişafı və layihələrin icrası üçün tətbiq etdiyi dəstək mexanizmi haqqında danışıb.
 
Tərəflər real zaman şərtləri çərçivəsində yerli sığorta bazarında həllini gözləyən məsələlərə və bu istiqamətdə həyata keçirilməsi zəruri olan tədbir və layihələrə də toxunublar.
 
Görüşün sonunda qurumlar arasında əməkdaşlıq əlaqələrinin qurulması ilə bağlı razılığa gəlinib.