Şəhid övladlarının Türkiyədə təhsil alması ilə bağlı danışıqlar aparılıb

Türkiyəyə səfərimizin məqsədlərindən biri də Azərbaycanın “YAŞAT” Fondu ilə eyni vəzifələri daşıyan Türkiyənin vəqflərı arasında əməkdaşlıq əlaqələrinin qurulmasıdır. Bu sahədə uğurlu və məhsuldar görüşlər keçirdik.
 
Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev deyib.
 
Türkiyə Silahlı Qüvvələrinin nəzdində fəaliyyət göstərən “Elele” (Əl-ələ), “Eğitim” (Təhsil), “Dayanışma” (Həmrəylik) və “Mehmetçik” (Əsgər) fondlarında konkret məsələlər ətrafında səmərəli müzakirələrin aparıldığına diqqəti çəkən dövlət agentliyinin rəhbəri deyib ki, o cümlədən şəhid övladlarının Türkiyədə təhsil alması və qazilərin müalicəsi ilə bağlı danışıqlar aparılıb.
 
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev bildirib ki, səfər çərçivəsində Türkiyədə fəaliyyət göstərən azərbaycanlı iş adamları ilə keçirilən görüşdə də “YAŞAT” Fondunun strateji məqsəd və məramları barədə müfəssəl məlumat vermək fürsəti olub.