Balakənli gənclərlə bağlı yeni layihə: “Mərkəzdən kənarda qalma!”

Gənclərin İnkişaf və Karyera Mərkəzinin Balakən nümayəndəliyi rayon gənclərinə “Mərkəzdən kənarda qalma!” adlı yeni layihə təqdim edib.
 
Nümayəndəliyin rəhbəri Şahin Qarakişiyev AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, layihənin məqsədi rayon mərkəzindən kənarda yaşayan gəncləri müxtəlif fəaliyyətlər barədə geniş məlumatlandırmaq və onları fəaliyyətlərə cəlb etməkdir.
 
Layihə çərçivəsində Qullar kənd tam orta məktəbin şagirdləri ilə görüş keçirilib. Nümayəndəliyin əməkdaşları və təcrübəçi könüllülər tərəfindən gənclərə fəaliyyətlər, könüllülük, təcrübəçi könüllülük, klublar və onların fəaliyyətləri barədə ətraflı məlumat verilib, şagirdlərin maraq dairələri öyrənilib.
 
Sonra “Kahoot” platforması üzərindən intellektual yarış keçirilib, qaliblərə hədiyyələr təqdim olunub.
Gənclər həm öyrənib, həm də səmərəli vaxt keçiriblər.