Dövlət Komitəsi gəncləri növbəti könüllü fəaliyyətə dəvət edir

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 15 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı”nda və dövlətimizin başçısının 2019-cu il fevralın 1-də Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısındakı çıxışında dövlət orqanlarının qarşısına gənclərin potensialından daha səmərəli istifadə etmək, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onlara peşə vərdişlərini aşılamaq və təcrübi biliklərini artırmaq, onların yaradıcı və innovativ potensialının üzə çıxarılmasını dəstəkləmək və ölkədə könüllülük hərəkatını inkişaf etdirmək vəzifəsi qoyulub. Prezident İlham Əliyevin 2019-cu il 30 dekabr tarixli Sərəncamı ilə Azərbaycan Respublikasında 2020-ci ilin “Könüllülər ili” elan edilməsi bu fəaliyyətin təşviqi məqsədilə dövlətimiz tərəfindən zəruri addımlar atıldığını bir daha göstərdi.
 
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, “Könüllülük fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununu nəzərə alan Komitə gənclər arasında könüllülük fəaliyyətinin tətbiqini davam etdirir.
 
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində könüllü fəaliyyət əsas etibarilə aşağıdakı istiqamətlər üzrə təşkil olunur:
 
- Aparatın şöbə və sektorlarında, eləcə də bölgə şöbələrində təcrübə keçmək;
 
- Müvafiq şöbələrin iş təcrübəsini öyrənmək;
 
- Azərbaycanda dövlət-din münasibətlərini tənzimləyən qanunvericilik bazası ilə tanış olmaq;
 
- Dövlət Komitəsinin Bakıda və bölgələrdə keçirdiyi regional konfransların, seminar-müşavirələrin, seminar-treninqlərin təşkil edilməsi prosesində iştirak etmək;
 
- Vətəndaşların qəbulunda bilavasitə iştirak etmək.
 
Könüllülük fəaliyyəti cari il üçün nəzərdə tutulub.
 
Könüllü kimi cari ildə fəaliyyət göstərib müqavilə öhdəliklərini uğurla başa vuran gənclərin hər birinə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən xüsusi sertifikatlar veriləcək ki, bu da onların əmək fəaliyyətlərinə uğurlu bir keçid fürsəti olacaqdır.
 
Könüllü kimi fəaliyyət göstərmək istəyən gənclər üçün aşağıdakı tələblər intizamlılıq, xoşrəftarlıq, ünsiyyətcillik, operativlik, kollektivdə işləmək bacarığı, təşkilatçılıq, təşəbbüskarlıq, məsuliyyətlilik və kompüter bacarığı müəyyən olunub.
 
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində könüllülər sırasına qoşulmaq istəyən gənclər mövzu hissəsində “Könüllü proqramı” göstərməklə 02.06.2021-ci il tarixdən 02.07.2021-ci il tarixədək öz CV-lərini (tərcümeyi-hal) dk-public@scwra.gov.az elektron ünvanına göndərə bilərlər.
 
Əlavə məlumat üçün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin (012) 437 31 15 nömrəsinə zəng etmək olar.
 
Müvafiq tələblərə cavab verən şəxslərlə əlaqə saxlanacaq və onlar müsahibəyə dəvət ediləcəklər.
 
Xatırladaq ki, könüllülük fəaliyyəti Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan edilməyən, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi ilə bağlı ictimai faydalı və gəlirsiz fəaliyyət hesab olunur.